Zaur USTAC : SÖZ VƏ KİTAB HAQQINDA

12524273_790992947700513_234013689348489767_n

             Üçüncü  Yazı

 

 

 

Zaur  USTAC

SÖZ  VƏ  KİTAB  HAQQINDA

 

Salam dəyərli oxucum. Şeirlər toplusu olan bir kitabın girişində yazdığım bu kiçik haşiyənin yaranmasının iki əsas səbəbi var. Birinci ən əsas səbəb ailəmdən başlamış və müxtəlif təhsil müəssisələrində müəllimlərimdən aldığım mühüm nəsihətlər vardır ki, onları başqalarının da faydalanması üçün əlçatan etməkdir. İkinci səbəb istər dost-tanışların, istərsə də çoxsaylı oxucu məktublarının daim maraq obyekti olmuş “şeir necə yaranır, bu şeirləri necə yazırsız, müxtəlif  sözləri necə bir-birinin yanına belə düzürsüz” və s.  bu  kimi sualları cavablandırmağı  özümə borc bildim.

Ona görə hesabat xarakterli deyirəm ki, artıq əsrin dördə biri arxada qaldı. İlk yazım 24 May 1988 – ci il, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifədə nəşr olunanda  adi məktəbli idim. Bu cümləni indi adi sözlər kimi bura yazsam da həmin günün təəssüratları tamam başqa idi. Hələ onu demirəm ki, heç gözləmədiyin anda (əlbətdə, birinci dəfə  mənim heç bu barədə anlayışım yox idi) səni poçta çağırıb pul verirlər və deyirlər ki, bunun adı qonorardır…   Bu sətirləri qeyd etməkdə məqsədim ondan ibarətdir ki, az müddət deyil, necə deyərlər – “bir igidin  ömrüdür”. O vaxtdan gör nələr keçib. Qurululuş tamam dəyişdi. Dostlar dönüb düşmən, düşmənlər dönüb dost oldular. Bir sözlə çox əhvalatlar oldu, çox. Sadəcə mövzuya aidiyyatı olmadığına görə biz onların üstündən sükutla keçirik. Bu xırda giriş – məlumatı ona görə verirəm ki, aşağıdakı fikirləri söyləməkdə özümü tam haqlı sayıram. Eyni zamanda onu da bildirmək istəyirəm ki, aşağıda qeyd edəcəyim fikirləri bəyan etmək üçün uzun müddət yaşımın 40-ın üzərinə gəlməsini gözləmişəm. Daha əvvəl ona görə bəyan etməmişəm ki, birdən səhvə yol verərəm. Əgər 35-də bir söz deyib 40 –da özüm bilsəydim ki,  heç də belə deyil, bu çox dözülməz bir hal olardı mənım üçün. İndi tam məsuliyyətlə deyirəm ki, bəli bu belədir. Əgər desəm ki, ilk şeiri yazanda 5 yaşım var idi və ya 10 yaşım var idi bu yalan olar. Bu barədə sadəcə onu deyə bilərəm ki, erkən yaşlarda şeir yazmağa başlamışam. Yəni, yazı yazmaq üçün ən azı hərifləri tanımaq vacib idi. Deməli hərifləri tanıyandan sonra yazmağa başladım. Ancaq bu yerdə tam səmimi bir etiraf da etmək istəyirəm. Hələ heç hərifləri tanımayanda da dəftəri qabağıma qoyub, nəsə  yazırmış  kimi  sətirləri  ziq-zaqla  axıra  qədər səliqə ilə doldurur, sonra aşağı sətirə keçirdim. Beləcə vərəqləri, dəftərləri doldururdum.  Məhz bu səbəbdən mən yazmağı və oxumağı məktəbə getməzdən çox əvvəl əmimdən evdə öyrəndim. Beləliklə, ilk müəllimimin – mənə yazmağı və oxumağı öyrədən adamın adını açıqlayıram. Bu şəxs mənim əmim Yaməndir. Bu səbəbdən nə qədər qələm əlimdədir ona bir ömür boyu minnətdarlıq borcum var. Burada ilk müəllimimdən gördüyüm və sizə edəcəyim ilk tövsiyyə gəlir, çalışın ki, uşaq məktəbə getməmiş hələ evdə olanda (normal uşaq 4-5 yaşlarında buna qadirdir) ən azından doğma ana dilində yazmağı və oxumağı bacarsın. Deyərdim ki, bu olduqca vacib və mühüm məsələ olub, uşağın bütün gələcək təhsil həyatı üçün qoyulan ən böyük sərmayədir. Bu bünövrə olmasa sonrakı mərtəbələri dayaq söykəməklə çox çətinliklə qaldıracaqsız. İkinci artıq oxumağı bacaran kimi, kiçik həcimli uşaq kitabları alıb oxumaq vərdişləri formalaşdırmaq lazımdır. Bunun üçün heç də uşağın məktəbə gedib, dərslik oxumasını gözləmək vacib deyil. İndi o qədər maraqlı uşaq kitabları var ki… Bu arada mənim oxuduğum ilk uşaq kitabı “Qızıl şamdan” adlanırdı. İndi də yadımdadır. Atam mənim üçün üç balaca uşaq kitabı almışdı, “Qızıl şamdan” – ı birinci oxuduğuma görə, ya  mənə çox təsir etdiyindən yadımda qalıb. Təəssüfki, o biri ikisinin adını xatırlamıram.

Nəhayət məktəb həyatı başladı. Onu qeyd edim ki, göründüyü kimi məktəbə tam hazır getdiyimdən demək olar ki, hazırlıqdan birbaşa birinci sinfə keçirdiklərin nəzərə almasaq  ibtidai siniflər heç nə ilə yadda qalmayıb.

O vaxtlar ibtidai siniflər üçüncü sinifdə bitirdi. Dördüncü sinif biologiya müəllimi Rövşən müəllimin çox dəyərli bir məsləhəti ilə yadımda qalıb. Onu qeyd edim ki, oxumaq, mütaliyə etmək bacarıqlarımın formalaşmasında bu müəllimin əməyi böyük olmuşdur. Bu müəllimimə də bir ömür boyu minnətdarlıq borcluyam. O, bizə vaxtdan necə istifadə etməyi öyrətməyə çalışırdı. Onun bu vaxt bölgüsü məsələsinin necə ciddi-cəhdlə vacib olduğunu bizə anlatdığı yadıma düşdükcə əsl müəllimin obrazı gözüm önündə canlanır. Yaradana şükür edirəm ki, məni həmişə lazım olan məqamlarda lazımi insanlarla – müəllimlərlə rastlaşdırıb. Rövşən müəllim bizə belə anladırdı. Hamının evində  başının üstündə (divarda), stolun üstündə, cibində, çantasında vaxt bölgüsü cədvəli olmalıdı.  Vaxtı elə – belə, başdı – başına buraxmaq olmaz. Vaxta nəzarət etmək lazımdır. Vaxtı bölüşdürmək lazımdır. Rövşən müəllimin dördüncü sinifdə verdiyi bu məsləhətə hələ də əməl edirəm. Ziyan görməmişəm. Dördüncü sinifdə daha bir gözəl insan bizə müəllimlik  etməyə başladı. Bu Rus dili müəllimi Asif müəllim idi. Onun tövsiyyəsinin Rus dili ilə heç bir əlaqəsi olmasa da mənim üçün çox dəyərli bir məsləhət oldu. Bu gün də bu  məsləhətə əməl edirəm. Bəlkə də Asif müəllim elə birinci dərs günü bu sözü bizə demişdi. Yəqin ki, bu belədir. O, belə demişdi: -“ Bax, elə bu gün evə gedən kimi hərə özünə bir qalın dəftər tutsun, hər gün maraqlı nə baş versə axşam, günün sonunda ora qeyd edin. Bu dəftərə gündəlik deyirlər. İllər keçəcək 10 ildən, 20-ildən sonra nə qədər xeyirli bir iş tutduğunuzu özünüz görəcəksiz…”, “kim istəyir tutsun, bunu mən sizin üçün deyirəm, yoxlamayacam, dərsimizə aid deyil, sizin inkişafınız üçün vacibdir…” Həqiqətən də Asif müəllim sonralar nə bir dəfə də olsun o mövzuya toxundu, nə də kimin gündəlik tutub-tutmadığını yoxladı. Bu bizə lazım idi. O da bir dəfə deyib vəzifə borcunu yerinə yetirmişdi…  Keçdik beşinci sinfə birinci  dərsdəcə Ədəbiyyat müəllimimiz Həsən müəllim  belə bir sual verdi: – “Kimin evdə kitabxanası var?” – bu bizim ilk  Ədəbiyyat dərsinin  lap sonları idi. O vaxt kitabxana anlayışın tamam fərqli  şəkildə qavradığımıza  görə,  heç kimin dillənmədiyini görəndə Həsən müəllim bir də soruşdu: -“ Kimin evdə dərsliklərdən əlavə kitabları var, şeir, nağıl və s. ?” – bu vaxt o sıradan, bu sıradan əllər qalxmağa başladı. “Əllərinizi salın aşağı, ola bilsin bəlkə də kiminsə bu gün heç bir dənə də kitabı yoxdur. Sizə bir söz deyim, kim şəhərə gedəndə, atanız, əminiz, dayınız, böyük qardaşınız tapşırın sizə bir kitab alıb gətirsin. Bugün, sabah özünüz də böyüyüb tez-tez şəhərə gedəcəksiz, hər gedəndə bircə kitab alıb gətirsəz,  məktəbi bitirəndə görəcəksiz ki, böyük bir kitabxananız var.” – bu Həsən müəlimin  birinci Ədəbiyyat dərsində növbəti beş il üçün evə verdiyi tapşırıq idi. Ruhu şad olsun. Burada daha vacib bir məqama toxunmaq istəyirəm. Deməli, bu hadisə məktəbə getməmiş baş verib. Yayda. Yəni həmin yaydan sonra Sentyabrda dərs açılanda birinci sinfə gedəcəkdim. Nənəm uşaqbağçasında aşbaz işləyirdi. Arada anam icazə verəndə nənəmin yanına gedib, orada uşaqlarla oynayırdıq. Bura kəndin mərkəzində nisbətən böyük, qapalı həyəti olan bir yer idi. Uşaqbağçası, kəndin kitabxanası, həkimxana və kənd klubu bir – birinin yanında yerləşirdi. Biz içəridə, otaqda nənəmin yanında oynayırdıq. Bağçanın müəlliməsi dedi ki, gedim bir kitab götürüm oxuyum, mən dedim ki, məndə götürmək istəyirəm, təəccüblənsə də məni də apardı. Yadımdadır ki, müəllimə Salam Qədirzadənin o vaxt xüsusilə gənclərin çox oxuduğu, demək olar ki, əldən – ələ gəzən (indi adı yadımda deyil) bir kitabını götürdü. Mən də kitabxanaçıya dedim ki, Adil dayı mənə də bir kitab ver oxuyum. O isə cavabında dedi: – “Adil dayı yox, Adil müəllim deyərlər”- və getdi mənə kitab gətirməyə. Çox keçmədi, əlində jurnal şəklində olan bir qırmızı kitabla qayıtdı. Səhv eləmirəmsə adı “İliçin uşaqlığı” idi – dəqiq yadımda deyil. Onu bilirəm ki, Lenin uşaqlıq vaxtından bəhs edən bir kitab idi. Sonralar o kitabı bəlkə də on dəfə təkrar-təkrar oxudum. Nəsə, Adil müəllim kitabı gətirdi, mənim adıma abunəçi vərəqi açdı, yazdı-pozdu və kitabı mənə verib dedi: – “Get oxu, gedəndə gətirib təhvil verərsən. Cırma, pozma, ləkələmə.” Mən də – “oldu” – deyib getdim oxumağa. Elə kitabxanadan çıxan kimi həyətdə aşmış böyük qoz ağacının  kötüyünün üstündə oynayan uşaqlar məni də çağırdılar oynamağa. Təbii ki, mən də kitabı qoyub kötüyün üstünə qoşuldum onlara. Başladıq oynamağa. Bir vaxt ayıldıq ki, artıq axşamdı. Belə olanda adətən nənəmiz deyərdi: – “Bala, bala yenə şeytan sizi kirayə tutmuşdu???” – mənasını anlamasam da bu sözün mayasında bizim gördüyümüz nəsə qəbahət bir işin dayandığın anlayırdım. Sən demə, Adil müəllim də əvvəlcədən göz qoyurmuş, görüb ki, mən heç kitabı açmadan necə kötüyün üstünə qoydumsa, eləcə də götürüb gəlirəm təhvil verməyə…. Əlimdə kitab yaxınlaşdım Adil müəllimə, kitabxananın qarşısındakı hündür talvarın altında stul qoyub oturmuşdu. Kitabı verib, getmək istəyirdim ki, Adil müəllim soruşdu: – “Oxudun?” Mən də ani olaraq cavab verdim ki, bəli. Adil müəllim kitabı açıb ordan-burdan suallar verməyə başladı. Təbii ki, cavab verə bilməzdim. Çünki, kitabı apardığım kimi də gətirmişdim. Adil müəllim də bunu yaxşı bilirdi. O gün Adil müəllim “Oxudun?” – sualından başqa mənə heç bir söz demədi… Ancaq mənim o günkü pərtliyim bu gün də hər yadıma düşəndə məni narahat edir… (Burada kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Kim üçünsə əhəmiyyətli və ya maraqlı ola bilər düşüncəsi ilə bunları da qeyd etməyi özümə borc bilidim.  Oxuduğum ilk iri həcmli kitab üçüncü siniflə dördüncü sinfin arasındakı yay tətilində “Koroğlu” dastanı olub.  Xatırlayanlar varsa, üstündə qalxan şəkli olan göy üzlü qalın kitab idi. İlk çoxcildli kitab isə “Min bir gecə” nağıllar oldu. Bu kitabı da təxminən həmin illərdə oxudum. O da göy üzlü üstündə ay ulduz olan bir kitab idi. İlk xarici ədəbiyyat nümunəsi ilə tanışlığım isə beşinci sinifdə Coğrafiya müəllimimiz  Yusif müəllimin tövsiyyəsi üzərə Jül Vernin  “Kapitan Qrantın uşaqları” – Azərbaycan dilində – kitabı oldu. İndi düşündükcə bir hal mənə çox qəribə gəlir. Müəllimlərimiz hansı kitabı tövsiyyə etsə və ya özümüz hardansa adını eşidib axtarsaq,  o kitabı adi kənd kitabxanasında tapıb oxuya bilirdik. Bir də dərs oxuyan da oxumayan da bədii ədəbiyyatı hamı oxuyurdu. Hətta dərs oxumayanlar vaxtları çox olduğuna görə bədii ədəbiyyatı daha çox oxuyurdular. Yadımdadır, qızlar dərsliklərin cildini qopardıb, oxuduqları kitabı üzləyər, dərs boyu da ayrıla bilmədikləri romanı və ya povesti oxuyardılar…)  Bu kitab mənim kitabxanadan götürdüyüm ilk kitab kimi yadımda elə qaldı ki, bu hadisədən sonra nəin ki, kitabxandan götürdüyüm,  dost-tanışdan aldığım kitabları hətta hardasa gördüyüm bir elanı, afişanı mütləq oxumalıyam…

Beləcə maraqlı məktəb həyatı başa çatdı. Orta məktəbi bitirəndə Həsən müəllimin dedikləri düz çıxmışdı. Artıq təxminən 450-500 kitabdan ibarət özümə görə zəngin bir kitabxanam var idi. Düzdü, kitabların çoxunu atam almışdı, ancaq bu mənim kitabxanam idi. Həm də birinci şəxsi  kitabxanam. Bakı Dövlət Universitetinin tələbəsi oldum. Bu məktəb o vaxtlar prorektor olmuş Rasim müəllimlə bir-iki maraqlı söhbətdən bir də birinci kursda uşaqlarla çəkdirdiyim  fotodan başqa heç nə ilə yadda qalmadı. Bircə, o vaxtlar əsas binanın girişində asılmış Birinci Qarabağ Müharibəsində şəhid olan tələbələrin portretləri hələ də gözümün önündən getmir. Hamısa da yuxarı kurs tələbələri idi… Sonralar nədənsə o portretləri oradan yığışdırdılar.  Elə oldu ki, mən də orduya qoşuldum. Birinci Qarabağ Müharibəsində iştirak etdim. Ancaq, harda olsam da ən azı yanımda bir-iki kitab, cibimdə isə mütləq qələm və dəftərçə var idi. Bunu məni yaxından tanıyanların hamısı təsdiq edə bilər. Bütün əsgərlik boyu mənim dolabım olduğum bölüyün kitabxanası olub. Bu gün də həmin kitablardan ən azı ikisi mənim kitabxanamda qalmaqdadır. Beləcə atəşkəs oldu. Daha bir il də ötdü. Komandirlərin təşəbbüsü  və əsgər yoldaşlarımın təkidi ilə təhsili davam etdirmək qərarına gəldim. Hərbi hissədən beş günlük məzuniyyət verdilər ki, sənədlərimi toplayım. Sənədlərimi topladım, hərbi hissəyə qayıtdım. Yenidən müddətsiz məzuniyyət verib oxumağa göndərdilər. Sənədlər qovluqda gəldim Bakı Dövlət Universitetinə. Rasim müəllimlə elə onun kabinetində xeyli söhbət etdikdən sonra bir az onun məsləhəti, bir az da xeyir duası ilə sənədlərimi verdim Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə və təhsilimi orada davam etdirdim. Beləliklə kursant həyatı başladı onu qeyd edim ki, oxumaq, öz üzərində məşğul olmaq üçün kursantın imkanı, vaxtı tələbəninkindən qat-qat çox olur. Bu vaxtlar mən artıq üçüncü böyük kitabxanamı yaratmışdım. Bu məktəbdə çox yaxşı müəllimlərim olub. Ancaq burada mövzuya aid olduğuna görə, dörd il bizə “Atış və döyüş işi” – fənnindən dərs demiş Loğman müəllimin adını çəkməyi özümə borc bilirəm. Yadımdadır, dördüncü kursun son günləri idi. Loğman müəllimin fənnindən dövlət imtahanlarına hazırlaşırdıq. Loğman müəllim bu imkandan istifadə edib bizə öz tövsiyyələrini   verirdi. Sizcə birinci məsləhət nə ola bilərdi? Onun  dediyi sözbəsöz yadımdadır: – “ Harda olursuz olun başınızın üstündə kitab qoymağa heç olmasa bir gözlü rəfiniz olsun” Loğman müəllimin bu tövsiyyəsinə bütün xidmətim boyu əməl etdim. Rəf olmayanda kitablarımı mərmi qutularında saxladım. Dördüncü kitabxanamın kitabları sözün əsl mənasında barıt qoxulu kitablar idi. Ordu həyatı da başa çatdı. Unutma ki, dünyada daimi heç nə yoxdur. Zaman ən iti dağ çayından belə sürətlə axır. Elə ki, mülki həyata başladım, gördüm ki, oxumadan olmur. Lap elə bu gün də maraqlı bir kurs diqqətimi cəlb edən kimi tez ora yazılib iştirak edirəm, öyrənirəm. Belə kursların birində Mustafa Ünlü adlı müəllimimin kitab haqqında növbəti bir tövsiyyəsini eşitdim: – “İçimizdən birisini hansısa bir mövzu narahat edirsə və ya kimsə hiss edirsə ki, onun deməyə, kimlərəsə çatdırmağa sözü var mütləq bunu kitab kimi yazmalı özündən sonra gələcək nəsillərə ötürməlidir” İnanın ki, bu məqama qədər heç vaxt kitab yazmaq xəyalında olmamışdım. Onu qeyd edim ki, bu hadisədən heç bir il keçməmış “Oriyentir Ulduzu” çapdan çıxan kimi dərhal birini yazıb dəyərli müəllimim Mustafa Ünlüyə göndərdim. Düzü, indi bu sətirləri yazarkən düşünürəm, niyə “Oriyentir Ulduzu” – ndan əvvəl çapdan çıxmış üç şeir kitabların deyil məhz onu göndərmişəm müəllimimə??? Ümumiyyətlə, nə qədər araşdırsaq da, dəqiq olmağa çalışsaq da  həyatımız suallarla doludur. Mövzunun  sonunda  nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün həyatımın müxtəlif dövürlərində mövcud olmuş beş fərqli kitabxanamın  hamısından (zabitlik dövrü istisna olmaqla, çünki, bu kitablar çətin tapılan sırf ixtisas kitabları olduğuna görə bütün  kitabxanamı elə ağzı bağlı – böyük mərmi qutusunda xidmətdə qalan zabit yoldaşlarıma hədiyyə etdim) heç olmasa bir – iki nümunə olmaqla təxminən min kitabdan ibarət olan, zəngin bir kitabxanaya  sahibəm.  Daha maraqlısı odur ki, bu kitabların içərisində ondan artıq kitabın müəllifi mən özüməm. İndi mən də düşünürəm və eyni zamanda sizə də sual edirəm, əgər müəllimlərimin məsləhət və tövsiyyələrinə əməl etməsəydim bu nəticəyə nail ola bilərdimmi? – Sizin nə cavab  verəcəyinizi gözləmədən öz qənaətimi sizinlə bölüşmək istəyirəm. Bu günə qədər qazandığım bütün naliyyətlərimə görə əvvəl müəllimlərimə  sonra isə kitablara borcluyam….

İndi gələk, ikinci məsələyə. İlk əvvəl onu qeyd edim ki, (mən bunu dəfələrlə qeyd etmişəm) sözü kimin deməyindən, qələmə almağından asılı olmayaraq mənbəyi təkdir, ancaq zaman və məkan şərtdir. Buradan məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, eyni məzmunlu sözü müxtəlif insanlar, başqa-başqa zamanlarda, dünyanın dəyişik yerlərində bir –birindən xəbərsiz şəkildə deyə və ya qələmə ala bilər. Əlbətdə, bu mənim subyektiv fikrimdir. Hamı azad düşüncə haqqına sahib olduğuna görə əksini  də  iddia  edə və ya sadəcə  razılaşmaya bilər. Məncə, söz yaradıcılığı (fərqi yoxdur nəsr və ya nəzm) üç əsas şərtə söykənir. Birinci bu genlə, nəsillə bağlıdır. İkinci mühitlə, yəni gələcək yazarı əhatə edən, təbiət, insanlar və yaşam tərzi, həyat şəraiti. Üçüncü isə daha maraqlı şərti ruhdur. Gələcək yazarın ruhu. Mən tam məsuliyyətlə deyirəm ki, 4 yaşlı Zaurun ruhu ilə 40 yaşlı Zaurun ruhunun arasında heç bir fərq yoxdur. Zaur  14 yaşında yazdığı şeirlərdə işlətdiyi sözləri 41 yaşında da işlədir. O vaxt da şeirdə ard-arda muncuq sapa düzülən kimi sözləri yazanda çoxunun mənasın bilmirdim. İndi də belə olur. Onu qeyd edim ki, mənim bütün bu dediklərim söz gələndə kağız – qələm axtaran və ya indiki  müasir dövürdə telefona, planşetə yazan adamlara aiddir. Yoxsa, kağız – qələmi qabağına qoyub söz axtaran adamlara deyil. Mən hətta bir az irəli gedib söz yaradıcılığının  reinkarnasiya hadisəsini sübut edən tutarlı dəlillərdən biri olduğunu iddia edərdim. Çünki, yenə qeyd edirəm, istər nəsr, istər nəzm söz yazılanda bir-birinin ardınca elə gəlir ki, sanki, kimsə sözbəsöz diktə edir. Yazanın boynuna sadəcə vaxt tapıb bu sözləri qəbul etdiyi kimi qeyd etmək qalır. Məhz buna görə də ilk vaxtda anlamını bilmədiyimiz sözü yazmağımız məntiqi cəhətdən doğrudur. Mən yazıları müxtəlif adlarla növlərə bölməyi xoşlamıram. Bəlkə də bacarmıram. Mənim üçün bütün yazılar iki qrupa bölünür. Tamlar və natamamlar. Əgər söz gələn məqamda imkanın olub onu olduğu kimi qeyd edirsənsə, bu olur tam. Yox əgər həmin məqamda yazmaq alınmırsa, sonradan onu yadında qalan kimi yazırsansa bax bu olur natamam. Bu yazlar ilk oxunuşdaca seçilir. Şeirləri hansısa başqa dilə tərcümə etməyin əleyhinəyəm. Uzaqbaşı bir şeiri eyni köklü ana dilin başqa-başqa qruplarına, şivələrinə, ləhcələrinə uyğunlaşdırmaq olar. Məsələn biz ana dilmizdə yazdıqlarımızı Osmanlı türkcəsinə, türkmən ləhcəsinə  və ya özbəkcəyə uyğunlaşdırmaq olar. Yoxsa, sən bunu çevir rus dilinə, ingilis dilinə, fars dilinə və s. Bu yol verilməz bir haldır. Yəni bu vaxt sən yazdığın qalır bir kənarda, ortaya tamam qondarma bir məhsul çıxır. Bu barədə sözümü öz başıma gələn bir misalla yekunlaşdırmaq istəyirəm. Demək “Tuncaya” şeiri  bəlkə də 10-15 dəqiqə ərzində gəlib:

 

 

 

 

TUNCAYA

Tanrı tutub, ağ torpaqdan mayanı,

Gündoğandan Günbatana  sənindi!

Nişan verib, yeddi günlük Ayını

Əksi düşən tüm torpaqlar sənindi

*      *      *

Xəzəri ortaya düz qoyub nişan,

Boynuna dolanan Hilal sənindi!

Ən uca zirvələr, ən dərin göllər

Ormanlar, dəryalar, düzlər sənindi!

 

*      *      *

Tanrının payıdı, lütf edib sənə,

Tanrıya sarsılmaz inam sənindi!

Ataya, Anaya, qocaya hörmət

Sirdaşa  sədaqət, güvən sənindi!

*      *      *

Zamanla hökm etdin tüm yer üzünə

Hakimiyyət sənin, höküm sənindi!

Aman istəyəni  kəsmədin heç vaxt,

Ən böyük ədalət, güzəşt sənindi!

 

*      *      *

Ata-baban, zaman-zaman qıymadı,

Güzəşt etdi, yazıq-yuzuq, yesirdi…

Xilas etdi, bağışladı ənamlar,

Yamana yaxşılıq,  ancaq sənindi!

*      *      *

Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə  tutan,

Qüvvəsi qolunda nərlər sənindi!

*      *      *

Dəli-dolu Türk oğullar cahana

Bəxş etdiyi şərəfli ad sənindi!

Adı gəlsə, yeri-göyü titrədən

Qorxu bilməz,  şanlı əsgər sənindi!

*      *      *

Çöldə simgə etdin Qurdu sancağa,

Kəhər Atın ən yaxşısı sənindi!

Ay-yıldızı nişan tikdin Bayrağa,

Zəkalar, dühalar tümü  sənindi!

 

 

*      *      *

Tutduğun yol tək Tanrının yoludu,

Aydın zəka, tər düşüncə sənindi!

Çoxu deyir, tay dünyanın sonudu,

Fəqət  bilməz, yeni dünya sənindi!!!

10.10.2011. Bakı.

 

Yazandan sonra oturub bu şeiri oxuyuram;

“Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə  tutan,

Qüvvəsi qolunda nərlər sənindi!”

 

bu bəndə çatanda dayandım. Özüm-özümə deyirəm, bu lap ağ oldu ki, “Savaşda, uçağı kəməndlə  tutan,”

bu boyda şişirtmə olmaz. Bu bəndi sildim. Gördüm nəsə əlaqə pozulur bir –neçə bənd sildim. Şeir oldu heç. Qoydum kənara. Bu hadisədən bir müddət keçəndən sonra kitab dükanlarının birində almaq üçün kitab seçirəm. Birdən əlimdəki göyüzlü, hələ kimdən, nədən bəhs etdiyi mənə məlum olmayan kitabın üzqabığına çıxarılmış bir cümləyə sataşdı. O cümləni olduğu kimi yazıram: -“Osman Baturun 11 yıla sığdırdığı əfsanəvi milli mücadiləsi dildən-dilə anlatıla-anlatıla gəlmişdir. Kəməndlə uçaq düşürən, düşmənə aman verməz cəsarəti və nişançılığı ilə dolu həyat mücadiləsi….” bu kəlmələri oxuyan kimi tez kitabı alıb dükandan çıxdım. İndi yol boyu şeirdəki sözü düşünür onun da təxminən bu məzmunda olduğunu xatırlayır, ancaq dəqiqiq necə olduğunu yadıma sala  bilmirdim. Gəlib evə çatdım. Şeiri yazdığım dəftəri uzun axtarışdan  sonra  tapdım. Qaraladığım bəndləri oxudum və heyrətə gəldim. Bu hadisədən sonra heç bir sözə – şeirə dəyişiklik etməyəcəyimə mümkün qədər olduğu kimi vaxtında və dəqiq qeyd edəcəyimə söz verdim.

İndi qayıdaq birinci şərtə gen – nəsil barədə bir balaca açıqlama verim. Burada onu qeyd edim ki, bu yazdıqlarımı  psixoloqlar, ədəbiyyatçılar, tədqiqatçılar və ümumiyyətlə araşdırmaya həvəsli hamı üçün birinci mənbəədən maraqlı qaynaq hesab edirəm. Deməli mənim atam da uşaqlıq və gənclik illərində şeir yazıb, indi yazırsa da mənə məlum deyil. Mən yuxarıda da qeyd etdiyim kimi vaxtını dəqiq bilməsəm də erkən yaşlardan şeir, hekayə, məqalə yazıram. İndi isə hamısı gözümün qabağında olan, rahat araşdıra bildiyim qızımın yazdıqlarıdır. Deməli, Gülü 5 yaşından etibarən gözümün qabağında şeir yazmağa başlayıb. Özü  də çox səliqəsizdi. Evdə, özünün nə qədər dəftəri olsa da görürdün əzik-üzük bir vərəğə iki sətir ya dörd sətir yazıb gətirib. Ata bax  “şeir”  yazmışam.  Ancaq onu qeyd edim ki, onun artıq 9-10 yaşında yazdıqlarına şeir demək olar. Yəqin ki, o məndən çox qabaqdadır.

Əziz və dəyərli oxucum bu uzun – uzadı,  nala – mıxa vurmalarla səni yorsam da, yeganə məqsədim çox uzun zaman ərzində böyük çək–çevirlərlə yəqinləşdirdiyim  cüzi mətləbləri sənə çatdırmaq oldu. Yuxarıda oxuduqlarının hamısı real həyat hadisələridir. Ya gərək bu və ya buna oxşar mülahizələri qəbul edək, ya da söz məsələsin də dünyanın bizim üçün hələ də qaranlıq qalan digər sirləri sırasına qoşaq. Seçim sənindir. Bu işdə hamımız özgürük. Sən bir başqa cür düşünə bilərsən. Mən bir başqa fikirdəyəm. Mənim sənə çatdırmaq istədiyim bunlardan  ibarət idi.

 

21.08.2016.  Bakı.

Zaur USTAC.

© Zaur USTAC,2016.

 

 

 

 

 

 

Dördüncü yazı.

Erich  Maria  Remarque  yoxsa, Ramil Səfərov?

Dəyərli oxucum, bu yazını yazmaqda  yeganə  məqsədim bizə faydalı olanı göstərməkdir. Odur ki, qarşımda nə heç kimi  tərifləmək,  nə də pisləmək kimi bir məqsədim yoxdur. Bu yazdıqlarım sadəcə mənim düşündüklərimdir və səni qane etməyə də bilər. Yazı necə yarandı? – Əlbətdə, bütün mövcudiyyatın bir yaranış səbəbi və məqsədi mütləq vardır. Əvvəlcə ən yaxın ətrafda, sonra isə nisbətən geniş çevrədə araşdırma apararkən məlum oldu ki, xüsusən də gənclərimizin çoxu, (əsasən 17-25 yaş arası- demək olar ki, kitab aləminin dərinliklərinə baş vurduqları  lap erkən dövrlərdə, mütaliənin ən şirin çağlarında) deyərdim ki, müəllifinə görə kitab oxuyanların  adlarını çəkdiyi on müəllifdən biri Erich  Maria  Remarque oldu. Deyəcəksiz, burda qəribə nə var ki, belə də olmalıdır. Təbii haldır. Yuxarıda qeyd etdiyim kimi mənim bu yazıda heç kimin yazdıqlarına qiymət vermək fikrim və ya nəyin yaxşı, nəyin pis olduğunu  açıqlamaq deyə bir məqsədim yoxdur. Onu da qeyd edim ki, nisbilik baxımından bunun elə bir əhəmiyyəti də yoxdur. Ancaq, belə sual bir meydana çıxır: – Niyə bəs on müəllifdən biri Erich  Maria  Remarque olur?  Bu suala kəsədən  bəs  gənclər nə oxusun, özümüzdəkilərin çoxu cəfəngiyyat və ya zamanla ayaqlaşmayan yazılar, digərlərinə üz tutanda da əbədiyaşar Erich  Maria  Remarque  ilk onluğa düşməyə  həqiqətən  layiq  bir yazardır, deyə cavab verib, söhbəti buradaca tamamlamaq olardı. Ancaq, Sizi inandırım  ki, bu heç də belə deyil. Xüsusən də yuxarıda qeyd olunan oxucu kütləsi – araşdırmaçılar (hamı  oxumaqdan,  mütaliədən  danışır  mən nə oxuyum?) qrupu, yəni, hələ özünün bir istiqaməti, dünyaya baxışı formalaşmamış gənc oxucuların böyük bir qismi Sizə deyim ki, Erich  Maria  Remarque nin hələ öz sağlığından bu günə ağızdan-ağıza dolaşan adının hesabına onu seçir. Yəni müəllifə görə əlinə düşən, ilkin variantda qrup yoldaşının, dostun, tanışın hər-hansı bir kitabını oxumağa başlayır və təbii prosesin davamı olaraq o da öz növbəsində dostuna, qrup yoldaşına tövsiyyə edir və hazır oxuduğu kitabı verir. Söhbətin bu yerinə qarşıda qayıtmaq şərti ilə burada kiçik bir haşiyəyə çıxaq və Erich  Maria  Remarque nin yazıb-yaratdığı və məşhurlaşdığı dövrə qısa bir nəzər salaq. Demək olar ki, bu dövrdə – söz, məlumat aclığı zamanı- qəzet, jurnal və kitabdan başqa bu boşluğu doldurmağa elə bir vasitə yox idi. Məhz bu zamanda da hamıya məlum və doğma olan, – “kişi düz deyir də”- konteksində yazılarla ortaya çıxan Erich  Maria  Remarque tezliklə şöhrət qazandı və bir-birinin ardınca yüksək tirajlarla nəşr olunmağa başladı. Çox keçmədən  dünyanın əksər ölkələrinə  yayıldı. O vaxtdan dünyada çox hadisələr baş versə də, qayələr, ideyalar, fikirlər, yayım yol və üsulları  dəyişsə də Erich  Maria  Remarque məşhurluğuna zərrə qədər də olsa xələl gəlmədi. Əksinə “kişi düz deyir də”- konteksində düşünənlər həmişə çox olduğuna  və bu nisbət daim artığına görə, tam təbii prosesin nəticəsi, eyni zamanda məntiqi olaraq onun şöhrəti də artdı. Sözün əsl mənasında nə qədər gözəl bir haldır ki, illər sonra Erich  Maria  Remarque üçün olduqca ucqar  bir məmləkətdə (bəlkə də sağlığında onun heç tanımadığı, adını belə eşitmədiyi bir ölkədə) onun haqqında danışır onun yazdıqlarından söhbət açırıq. Bu çox xoşdur. Ancaq indi görək bizim sevimli yazarımızın yazdıqlarını oxumaq bizə nə dərəcə də vacibdir. Ümumiyyətlə oxumalıyıqmı? Mən deyərdim ki, elə əsərlər vardır ki, xüsusən də yuxarıda qeyd olunmuş kateqoriyasında olan oğlanların oxumsı heç də məqsədəuyğun deyil. Bir daha qeyd edirəm bunun Erich  Maria  Remarque nin  necə yazar olmasına  heç bir aidiyyatı yoxdur. Sadəcə elə yazılar var ki, çox gözəl alternativ variantlar olduğu halda gənclərin, xüsusən də yeniyetmə oğlanların bizim halhazırki dövrümüzdə onları oxuması məqsədəuyğun deyil. Mənim burada heç bir təhlil aparmaq fikrim yoxdur. Sadəcə iki nümunə adını qeyd edib oxuyub nəticə çıxarmağı Sizin öz öhdənizə buraxa bilərəm. Birinci götürək  sevimli yazarımız Erich  Maria  Remarque nin “Qərb cəbhəsində yenilik yoxdur” (Ana dilimizdə) kitabını, onu qeyd edim ki, gənclərimizin çoxu rus dilində, son illər ingilis, alman, fransız dilində də olan kitablarını böyük həvəslə oxuyurlar.

Alternativ olaraq isə elə bir əsər seçdim ki, iynənin ucu qədər də olsa  heç kimdə narazılq doğurmasın  və ya bu yazıda nəsə bir başqa marağın olduğu barədə şübhə oyanmasına imkan verməsin. Bu kitab olsun, Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları”  (“A Pal utcai fiuk”) əsəri. Sonda lap səmimi bir qeyd etmək istəyirəm: – “Vallahi əmimiz oğlu deyil, dayımız oğlu deyil, biri Alman, biri Macar ,  üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur,  ruhları şad olsun…” – indi nə vaxt imkanınız olsa, rast düşsə bu kitabların ikisini də oxuyun. Sonra özünüz qərar verin bunlardan hansını oxumaq, Azərbaycan yeniyetməsi, gənci, sabahın Əsgəri, Vətən müdafiəçisi üçün daha vacibdir????  Yaxud da Rmil Səfərov niyə məhz “Pal küçəsinin oğlaları” əsərini seçdi???? Siz seçim qarşısında qalsaz, Ramil Səfərovun seçimini təkrarlayardınızmı yoxsa????

11.10.2016.  Bakı.

Zaur USTAC.

© Zaur USTAC,2016.

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma